|
21.01.2010 2009-cu il ərzində fəaliyyət nəticələrinə görə Bank Respublika-nın aktivləri ilin əvvəlinə nəzərən 10,3% azalaraq 347,9 mln. manat təşkil etmişdir. Aktivlərin azalması kreditləşmə və risklərin idarə edilməsi siyəsətinin konservativliyi ilə əlaqədar Bankın kredit portfelinin qalığının (196,6 mln. manat) azalması ilə bağlıdır. Aktivlərin strukturunda Bankın kredit portfelinin (196,6 mln. manat) payı 56,5% təşkil edir.
Yerinə yetirilən preventiv böhran əlehinə siyasət Bankın depozit portfeli üzrə bazar payının nəinki sabit saxlanılmasına, həmçinin onun artması ilə nəticələnmişdir. 2009-cu ildə müştəri hesablarında olan vəsaitlər 19,5% artaraq 162,3 mln. manatı keçib. Həmçinin Bank Respublikada yerləşdirilən fiziki şəxslərin əmanətləri 41% artaraq 112 mln. manata çatıb. Bununla yanaşı hesabat dövrünə əhalinin əmanətləri 2009-cu ilin 1 yanvar tarixinə olan 64,2 mln. manatla müqayisədə 47,3% artaraq 94,5 mln. manat təşkil edib.
2009-cu ildə Bank öz müştəriləri və beynəlxalq maliyyə təşkilatları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə yüksək likvidliyin saxlanmasına böyük diqqət ayırmışdır.
İl ərzində Bank Respublika həmçinin öz kapital bazasını möhkəmlətmişdir. Müşahidə Şurasının qərarı ilə Bankın nizamnamə kapitalı 35,4% artaraq 1 yanvar 2010-cu il tarixinə 30,6 mln. manat təşkil etmişdir. 2009-cu il ərzində Bankın məcmu kapitalı 28,2%-lik artım nümayiş etdirərək 55,5 mln. manata çatmışdır.
Əsas fəaliyyətdən olan gəlirlərin stabil artımı hesabat dövründə Bankın uğurlu işini əks edir. 2009-cu il üzrə fəaliyyətin nəticəsi olaraq Bank Respublika-nın gəlirləri 54,9 mln. manat, xərcləri isə 46,9 mln. manat təşkil edib. Hesabat dövrünə Bankın balans mənfəəti 8 mln. manat təşkil edir.
Bank Respublika öz fəaliyyətinin effektivliyinin və müştəri xidməti səviyyəsinin artırılması üçün müvəffəqiyyətlə yeni texnologiyalar tətbiq etməkdədir. Hesabat ili ərzində beynəlxalq bank xidməti təcrübəsində geniş istifadə edilən FlexCube lisenziyalı proqram təminatına keçid işlərini yekunlaşdırmışdır. Oracle Financial Services Software Limited korporasiyasının mütəxəssisləri tərəfindən hazırlanmış proqramın imkanları aparılan əməliyyatları sadələşdirərək müştərilərə daha sürətli xidmət göstərilməsinə şərait yaradır.
Bank Respublika ötən il ərzində Mingəçevir, Şəki, Zaqatala, İmişli, Cəlilabad və Masallı şəhərlərində 6 yeni regional filialını açmışdır. Yeni filiallar özəl sektorun inkişafına və ölkənin regionlarında bank xidmətlərinin genişlənməsinə imkan verir.
2009-cu ilin əvvəlində Bank Respublika abonentlərə elektrik enerjisi, qaz və su xidmətlərindən istifadə haqqlarının bir bankda ödənilməsinə şərait yaradan kommunal ödəniş sisteminə və həmçinin “Zolotaya Korona” təcili pul köçürmə sisteminə qoşulmuşdur. Köçürmələr üzrə aşağı komissiyalar, pulun alınması dövrünə qənaət və çoxsaylı məntəqələr bu sistemi hər bir kəs üçün əlverişli edir.
Bir çox banklar üçün beynəlxalq maliyyə bazarları qapalı olduğu şəraitdə Bank Respublika beynəlxalq maliyyə təşkilarları ilə özəl sektorun maliyyələşdirilməsi üçün kredit xətlərinin cəlb edilməsi üzrə əməkdaşlığı davam etdirmişdir.
2009-cu ildə Bank Respublika üçün Beynəlxalq Maliyyə Korporasiyası (İFC) 20 mln. ABŞ dolları məbləğində kiçik və orta sahibkarlığın, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə 6 mln ABŞ dolları məbləğində mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi üçün kredit xətləri ayrılmışlar.
İl ərzində Bank Respublika ənənəvi olaraq öz plastik kart müştəriləri arasında “İsveçrə Səyahəti” və “İspaniya Səyahəti”, əmanətçiləri arasında isə əsas hədiyyələri qızıl külçələr və Subaru Forester avtomobili olan uduş kampaniyaları keçirmişdir.
Bu il Bank Respublika bütün müştərilər üçün faydalı olan yeni məhsul və xidmətlərin yaradılmasına və müştəri xidmətinin keyfiyyətinin artırılmasına diqqət yetirəcək.
Bank Respublika, fəaliyyətə 1992-ci ildən başlamışdır. Bankın səhmdarları sırasında, səhmdar kapitalının “25% + 1 səhm” paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur. Hazırda Bakı və regionlarda Bank Respublika-nın 34 filial və şöbəsi fəaliyyətdədir.
|